Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Neftlə bağlı büdcədə bir ilk - qiymət 70 dollar...

Tarix 20.11.24, 8:27

Font ölçüsü : - / +
bitmap-img6


İlham Şaban: “Hökumət nəyisə proqnoz edəndə həmişə özü üçün təhlükəsizlik zolağı götürür, ona görə...”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ilk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Düzdür, ötən gün dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,4 % artaraq 75,18 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 73,3 ABŞ dolları təşkil edib.

Ekspertlərə görə, böyük ehtimalla növbəti il “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 75-80 dollar ətrafında olacaq. Beynəlxalq təşkilatların proqnozları da qiymətin təxminən orta hesabla 75 dollar ətrafında olacağı ilə bağlıdır. O da bildirilir ki, neftin qiymətinin ucuz götürülməsi uzun müddətdir Azərbaycanda 2-ci dəfə təkrar büdcəyə baxılmasına gətirib çıxarır ki,  hökumət bu dəfə buna ehtiyac duymaya bilər.    

Məlumat üçün deyək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.

Nəzərə çatdıraq ki, 2025-ci il üçün neft qiymətləri ilə bağlı proqnozlar bir sıra amillərdən asılı olacağı bildirilir. Beynəlxalq Enerji Agentliyi (IEA) və digər qurumlar dünya neft tələbatında artımın daha yavaş tempdə davam edəcəyini proqnozlaşdırırlar. Bu, əsasən yaşıl enerjiyə keçid siyasətlərinin güclənməsi ilə əlaqədardır. Lakin tələbat artımı Asiya ölkələri, xüsusən də Çin və Hindistanın istehlakının artması ilə dəstəklənə bilər.

Bununla yanaşı, bəzi ekspertlər neft qiymətlərinin 2025-ci ildə 70-90 ABŞ dolları arasında dəyişəcəyini bildirir, lakin bu proqnozlar geosiyasi risklərdən, o cümlədən Rusiya-Ukrayna müharibəsi və OPEC hasilat qərarlarından təsirlənə bilər.

Eyni zamanda Dünya Bankı və digər qurumlar qeyd edir ki, qlobal iqtisadi yavaşlama ssenarisi baş versə, neftin qiymətləri daha aşağı həddə, hətta 50-60 dollar intervalına enə bilər.

Proqnozların fərqliliyinə baxmayaraq, qiymətlərin dəyişməsi əsasən bazar dinamikası, təchizat məhdudiyyətləri və iqtisadi böyümənin templərindən asılı olacaq.

Ekspertlər bir neçə ay öncə 2025-ci il  büdcəsində neftin qiymətinin 70 dollardan götürülməsini riskli hesab edirdilər. Misal üçün, iqtisadçı Eldəniz Əmirova görə gələn ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürülməsi riskli yanaşmadır: “Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərini açıqlayıb. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri bu ilə müqayisədə 0,6% artaraq 36 mlrd. 616 mln. manat, xərcləri isə 0,2 faiz azalaraq 39 mlrd. 667,6 mln. manat proqnozlaşdırılır. Büdcə kəsiri isə 3 mlrd. 51,6 mln. manat proqnozlaşdırılır ki, bunun da 87,6%-nin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. 

Burada əsas risk neftin ixrac qiymətinin 70 dollardan götürülməsidir.  Aydın məsələdir ki, neft qiymətinin az götürülməsi gəlirlər üzrə proqnozları kəskin azaldacaq və bu da büdcə kəsirinin artmasına səbəb olacaq. Kəsirin qapadılması isə borclanmanı artıracaq. Buna görə də neft qiyməti 70 dollar olaraq götürülüb.

Bəs qlobal və geosiyasi proseslər arzuolunmaz gedərsə, neft qiymətinin uzun müddətli aşağı olması halında öhdəliklər necə təmin ediləcək? Borclanmanın artırılması, transfer və digər vasitələrlə xərclər qarşılana bilsə də sonrakı proseslərdə əlavə “qayğılar” yaranacaq. Buna görə də ilkin təsdiqlənəcək büdcədə neftin qiymətinin 65 dollardan yuxarı götürülməsi doğru olmazdı.

 İlin əvvəlində ümumi xərc göstəricisinin aşağı olması sevindirici olmasa da, amma qorxulu da deyil. Onsuz da hər ilin ortalarında büdcəyə yenidən baxılır. O zaman xərclərə yenidən baxaraq əlavələr etmək və illik hədəflərə nail olmaq da mümkündür. Yetər ki, hazırkı məqamda risklər doğru sığortalansın".

İlham Şaban – Caspian Barrel

İlham Şaban 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, büdcədə neftin orta ixrac qiymətinin götürülməsi dünya bazarında gedən tendensiyalarla bağlıdır: “Bazarda nə vəziyyət ola bilər. Azərbaycan hökuməti bunu büdcəyə salıb tərtib edərkən irimiqyaslı neft şirkətlərinin, o cümlədən də Beynəlxalq Enerji Agentliyinin neft ixrac edən ölkələrin il üçün proqnozlarına baxır. Ən əsası da gələn il üçün olan proqnozlarına. Bunun nəticəsində özü üçün daha təhlükəsiz yolun keçirilməsi ilə bağlı bir rəqəm ortaya qoyur. Əgər biz nəzər yetirsək görərik ki, 2022-ci ildən 2024-cü ilə qədər neftin orta qiyməti üzüaşağı gedir. İstər gələn il üçün, istərsə bu il, istərsə də 2026-cı il üçün olan bütün proqnozlar neftin qiymətinin get-gedə ucuzlaşacağını göstərir. Bütün bunlar ondan qaynaqlanır ki, 2022-ci ildə brent markalı neftin qiyməti 101 dollara çatdı ki, bu zaman da dünyada çox böyük hərbi-siyasi risklər ortaya çıxdı. Bu risk əsasən Rusiya-Ukrayna müharibəsi və onun doğurduğu fəsadlar idi. Bundan öncə neftin qiyməti 70 dollar idi, birdən-birə orta qiymət 30 dollara qalxdı. Təqribən 50 faizə yaxın bir artım demək idi. Bu risk dərəcəsi idi. Bu, neftin real qiyməti deyildi. Bundan sonra 2023-cü ildə neftin qiyməti 86 dollara qədər ucuzlaşdı.  Oktyabrda neftin orta qiymətini 81-82 dollarda artıq proqnoz edirdilər. Gələn il üçün isə müxtəlif qiymətlər deyilir. Amerika banklarından tutmuş, beynəlxalq təşkilatlara qədər neftin qiymətinin 69-76 dollar arasında dəyişəcəyi ilə bağlı xeyli proqnozlar var. Ona görə də hökumət hesab edir ki, neftin qiyməti 70-75 arasında olacaq”. 

İlham Şaban deyir ki, cari ilin iyun ayında büdcəyə yenidən baxıldı və dəyişiklik edildi, neftin qiyməti 75 dollara qədər artırıldı: “İlin ikinci yarısı üçün büdcədə elan edilən qiymət idi. Ancaq hökumət büdcənin gəlirlərini sığorta etmək üçün neftin orta qiymətini 70 dollardan götürmüşdü. Maliyyə Nazirliyinin saytında bununla bağlı xüsusi məlumat yerləşdirilmişdi. Nədənsə çoxları buna fikir verməmişdi. Bizim hökumət nəyisə proqnoz edəndə həmişə özü üçün təhlükəsizlik zolağı da götürür. Necə ki, iqtisadiyyat üçün Neft Fondu o rolu oynayır. Növbəti illər üçün neft qiymətinin azalması labüd məsələ kimi götürülür. Çünki hesab edirlər ki, artıq Rusiya-Ukrayna müharibəsi də başa çatmaq üzrədir. Baxmayaraq ki, Yaxın Şərqdə biz bu il vəziyyətin daha da kəskinləşməsini, hərbi əməliyyatların coğrafiyasının genişlənməsini müşahidə etdik. Ancaq bu heç də proqnoz edilən İsrail -İran müharibəsinə gətirib çıxarmadı. Buna rəğmən biz görürük ki, artıq xeyli vaxtdır neftin qiyməti 70-72 dollar ətrafındadır. Digər tərəfdən də, dünya iqtisadiyyatı inkişaf edir. Enerji inkişaf üçün lazımdır. COP 29-da da qeyd etdilər ki, bu inkişaf üçün lazım olan enerjini artıq "yaşıl" enerji hesabına qarşılandığında əvvəlki səviyyədə neftə-qaza tələb artmır. Fikrimcə, ölkəmizdə 2030-cu ilə qədər büdcədə neftin qiymətinin götürülməsi belə cəmiyyət üçün həssas məsələ olacaq. Birincisi, bizim neft həcmlərimiz azalacaq, çünki azalmağa doğru gedir. İkincisi, artıq büdcədə qazın qiymətini göstərəcəklər, nəinki neftin..." 



Xəbərin oxunma sayı : 421




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap